Çinə gedənlər üçün faydalı məsləhətlər

Çinə getmək üçün viza lazım deyil. Bunu bildik. Bəs Çinə səfər etməzdən əvvəl başqa nəyi bilmək lazımdır? Bu məsləhətləri “save” edin və dostlarınıza da göndərin ki, Çin səyahətiniz daha rahat olsun.
★ Bakından Çinə, məsələn, Pekinə və ya Quançjouya birbaşa reyslər var.
★ Əhalinin əksəriyyəti ingilis və ya rus dillərində danışa bilmir. “Google Translate”i əl altında saxlayın.
★ “WhatsApp”, “Facebook” və “Google” Çində bloklanıb. Odur ki, getməmişdən əvvəl VPN-i hazır edin. Yaxud “WeChat” tətbiqindən istifadə etmək olar.
★ Yerli sim kart almaq sizə çox kömək olacaq. Xüsusən də, böyük şəhərlərdən kənara çıxsanız, wifi tapmaq qəlizləşir. Oflayn xəritələri də əvvəldən yükləyin.
★ Aprel-may və sentyabr-oktyabr – Çinə səfər etmək üçün ideal vaxtlardır. Qalan aylarda hava ya çox isti, ya soyuq, ya da rütubətli olur.
★ Çin Yeni ili və Qızıl həftə bayramlarında Çinə getmək o qədər də məsləhət deyil, çünki hava limanları və əsas turistik məkanlar tamamilə dolu olur.
★ Çin mətbəxi bizim mədəmiz üçün gözlənilməz ola bilər. Əgər allergiyanız, yaxud mədə-bağırsaq problemləriniz varsa, çalışın küçə təamlarından uzaq olasınız. Yerli mətbəxə aid ən məşhur yemək, əlbəttə, Pekinsayağı ördəkdir. Çöp kabablar, xəmir xörəkləri də boldur.
★ Marketdə butulka suyu alıb için. Kran suyu içmək tövsiyə olunmur.
★ Yerli valyuta Çin yuanıdır (başqa adı – jenminbi). Kodu – CNY və ya ¥. Yerli qəpiklər – tsyao və fın adlanır. 1 yuan 24 qəpikdir.