Günvurma zamanı yardım

Günəş yanığının ilk əlamətləri günəş altında qalmaqdan 3-4 saat sonra üzə çıxır. Yüngül yanığı 5-7 gün ərzində ev şəraitində müalicə etmək mümkündür. Daha ağır simptomlar olduqda isə dərhal həkimə müraciət etmək məsləhətdir.
• ÖZÜMÜZƏ NECƏ KÖMƏK EDƏ BİLƏRİK?
Dərinin yanan hissəsini soyutmaq lazımdır. Qabarcıq olduğu zaman buzdan istifadə etmək olmaz. Ən yaxşısı – soyuq duş alın.
(Dəsmalla qurulanmayın, dəriniz özü qurusun)
Ardınca zədələnmiş dərini sakitləşdirmək lazımdır. Bunun üçün ən yaxşı seçim – aloe gelidir. Effekti artırmaq üçün geli soyuducuda saxlamaq olar.
Ağrını azaltmaq üçün qeyri-steroid tərkibli iltihabəleyhinə preparatlar, şişmənin qarşısını almaq üçün isə antihistamin dərmanları qəbul edə bilərsiniz.
• NƏ ETMƏK OLMAZ:
Məlhəmlər, yağlar, dekorativ kosmetika, sabun və spirt istifadə etmək olmaz. Həmçinin nənə-babalarımızın sevimli üsulu – xama yaxmaq da tövsiyə olunmur, çünki beləcə bakteriyaların çoxalması üçün əlverişli mühit yarana bilər.
Ümumilikdə, çoxlu su içməyi, kətan parçadan olan geyimlər geyinməyi və günəşdən qoruyucu vasitələri tövsiyə edirik.