blog

Roma tətilləri

327
Məsləhətlər

Romanın mərkəzi demək olar ki, tamamilə eramızdan əvvəl 8-ci əsrə aid olan bir tarixi abidədir. O, böyük Roma imperiyasından qalan mirasıdır. Təravətli portağalın, zeytunun və güllərin ətirləri ilə dolu olan bu “əbədi şəhər”, öz ecazkarlığı ilə hər turistin ürəyini fəth edəcək. Apennin yarımadasının ortasında yerləşən Romanın mövqeyi təkcə strateji baxımdan əlverişli deyil, həm də yerli əhaliyə gözəl bir iqlim və məhsuldar torpaq bəxş edir.

Buna baxmayaraq, əgər Romanı ziyarət etməyi planlaşdırırsınızsa, tətilinizin həqiqətən unudulmaz edə biləcək bəzi detalları bilmək lazımdır.

Romaya getməyin ən yaxşı vaxtı aprel, may və sentyabr aylarıdır. Bunun bir çox səbəbləri var. Birincisi, bu aylarda bir çox muzeyə giriş pulsuzdur. Xüsusilə aprel ayının sonlarında ənənəvi mədəniyyət həftəsi elan olunur. Bütün muzeylərə (Vatikan istisna olmaqla) giriş tamamilə pulsuz olur. İkincisi, bu aylar “mövsümarası” vaxtına düşən aylardır. Bu vaxt aralığında turistlərin sayı daha azdır, bu o deməkdir ki, muzeylərin qabağında növbələr daha qısa, otel və təyyarə biletlər daha ucuzdur. Üçüncü səbəb isə əlbəttə ki, “velvet mövsümü”-dür. Havanın tempeaturu istər günorta istər uzun axşam gəzintiləri üçün idealdır.

Əlbəttə ki, Romada İtalyan mətbəxini sevərlər özlərini əsl cənnətdə hiss edəcəklər. Qonaqları  sözün əsl mənasında hər addım başı çoxlu sayda restoranlar gözləyir. Burada sizə mütləq çox zərif, dəniz məhsullu rizottonu və ya ətirli otlarla hazırlanmış spagettini təqdim edəcəklər. Əgər siz luks bir restorana şam yeməyinə getmək və tenorların səsini dinləmək istəyirsinizsə, masanızı heç olmasa 1-2 həftə qabaq sifariş etməlisiniz. Məhs bu restoranlarda dünya şöhrətli italyan aşbazları öz məharətlərini göstərirlər. Onların yerləşdiyi məkanlar adətən turist yerlərində aralı olur. Unutmayın ki, günün istənilən vaxtında nahar edə bilməzsiniz. Yaxşı restoranlar saat dəqiqliyi ilə nahar vaxtı və bir də şam yeməyinə açılır.

Romada sözsüz ki, piyada gəzmək daha yaxşıdır. Bu qədim şəhərdə, sanki hər bina öz möhtəşəmliyi ilə ondan qabaqkı binanı üstələməyə çalışır. Rahat ayaqqabılara üstünlük verməyi tövsiyə olunur, çünki demək olar ki, bütün küçələr böyük daşlarla döşənilib. Bir yerə getməyə qərara gəlsəniz o zaman avtobusdan istifadə edin. Gediş qiyməti 1.5 avrodur.

Buraya gələn hər bir turist bilməlidir ki, antik dövrün yadigarı olan Roma, yeddi təpə üzərində dayanır. Onların hər birində çox qədim və mühüm Roma abidələri yerləşir. Çalışın hər birini ziyarət edin. Bunun üçün sizə ən azı 3 gün lazım olacaq. Ən əlverişli yolu isə turistik-gəzinti avtobusa bilet almaqdır. Bu avtobuslar sizi xüsusi marşrutla, bütün əsas yerləri gəzdirəcək. Marşrut boyu avtobusdan enərək istənilən abidə ilə yaxından tanış ola bilərsiniz. Panteonu, Roman Forumu, Kolizeyi ziyarət etməklə tamamilə başqa bir dünyaya baş vuracaqsız. Axşam isə Trevi fontanın yanında gəzmək, oraya dəmir pul ataraq bu təkrarolunmaz şəhərə yenidən qayıtmaq arzusunu tutmaq sizin səyyahətinizin unudulmaz anlarından birinə çevriləcək.